Mərkəzi Müqavilə Təşkilatı
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur.
SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ ilə İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı.
XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.